Səyahətə çıxmazdan əvvəl görüləcək işlər
VİZAYA MÜRACİƏT ETMƏDƏN ÖNCƏ PASPORTUNUZUN BİTMƏ MÜDDƏTİNİ YOXLAYIN
Xarici ölkəyə səyahət etmək üçün vizaya müraciət etdikdə pasportunuzun ən az 6 ay müddəti olmalıdır. Əks halda Sizə viza verilməyə bilər. Xüsusilə Şengen ölkələri, İngiltərə və Amerikaya səyahət zamanı bu kimi hallara xüsusi diqqət ayırmaq lazımdı. Digər tərəfdən yuxarıda sadaladığımız ölkələrə uzunmüddətli viza aldıqda pasportun müddətini əvvəlcədən kontrol edib uzatsanız həm vaxtınıza həm də büdcənizə qənaət edəcəksiniz.
GEDƏCƏYİNİZ ÖLKƏ ÜÇÜN LAZIM OLAN PEYVƏNDLƏRİ ETDİRİN
İnkişaf etmiş Avropa ölkələrində bu kimi hallarla demək olar ki qarşılaşmasaq da, xüsusilə Afrika ölkələrinə səyahət etmədən xüsusi vaksinlər etdirməlisiniz. Gedəcəyiniz ölkədəki yoluxucu xəstəliklərdən qorunmanız üçün vacib olan vaksinasiya, bir sıra ölkələrə viza almaq üçün də tələblərdən biri kimi qarşınıza qoyulacaq.
SƏYAHƏT EDİLƏCƏK ÖLKƏ ÜÇÜN XÜSUSİ HALLARI NƏZƏRƏ ALIN
Gedəcəyiniz ölkənin daxili qaydalarını (məs. İranda qadınların bağlı geyinməsi kimi) nəzərə almaq Sizin işinizi rahatlaşdıracaq. Boşuna zaman və enerji itirməyəcəksiniz. Digər tərəfdən bugündən etibarən start götürən Avropa Çempionatının keçiriləcəyi Fransada terror təhlükəsinin nəzərə alınması vacibdir.
SƏNƏDLƏRİNİZİ ÖZÜNÜZLƏ GÖTÜRÜN
Xaricə tətilə gedərkən Sizə daxili (Azərbaycanda) istifadə üçün nəzərdə tutulan - şəxsiyyət vəsiqəsi, hərbi vəsiqə, iş vəsiqəniz və s. bu kimi sənədlər lazım olmayacaq. Onları özünüzə yük etməyin. İlk növbədə təbii olaraq pasportunuz, sürücülük vəsiqəniz, biletləriniz, otel rezervasiyası, səyahət sığortasını özünüzlə aparmalısınız. Xüsusilə Amerika, İngiltərə və Şengen ölkələrinə səyahət edərkən hava limanında Sizdən geri dönüş biletlərinizi tələb edə bilərlər. Kağızda onları çap edib üzərinizdə götürməyiniz məsləhətdir. Bəzi ölkələrdə əvvəlcədən onlayn alınan qatar, təyyarə biletlərini aldığınız plastik kartı da göstərməyinizi tələb edə bilərlər. Məsələn, Almaniyada bizim başımıza belə bir hal gəlib :) Şəhərlərarası qatarla səyahət edərkən bileti aldığımız plastik kartı da göstərməyimizi xahiş etmişdilər.
ELEKTRON CİHAZLARINIZI VƏ AKSESUARLARINI ÖZÜNÜZLƏ GÖTÜRÜN
Əcnəbi ölkəyə səyahət etdikdə bir vacib məqamı unutmamalıyıq. Ora Sizin eviniz deyil. Bu o deməkdir ki, hər an əlinizin altında olan əşyalarınız orada olmaya bilər. Məsələn, gedəcəyiniz ölkədə telefonunuzu şarj etmək üçün enerji mənbəyinə taxmaq istədikdə sürprizlə qarşılaşa bilərsiniz. Belə ki, bəzi ölkələrdə bu girişlər fərqlidir. Bu səbəblə əvvəlcədən bunları nəzərə alaraq xüsusi adapterlər almağınız məsləhətdir. Xüsusilə Azərbaycandan ən çox ziyarət edilən şəhərlər sırasında olan Dubayda bu halı nəzərə almaq lazımdı.
MÜTLƏQ SƏYAHƏT SIĞORTASI ALIN
Bir çox ölkələrə gedərkən səyahət sığortası viza almaq üçün şərtlərdən olsa da vizasız gedəcəyiniz bir çox ölkələrdə sizdən səyahət sığortası tələb edilməyəcək. (məs. Türkiyə, Gürcüstan, Rusiya və s.) Ancaq buna baxmayaraq səyahət müddətində sığortlanmağınızı məsləhət görərdik. Xaricdə ikən əgər kiçik bir iynəyə ehtiyac yaranarsa bu Sizin büdcənizə ciddi təsir edə bilər. Çünki bir çox ölkələrdə tibbi xidmətlər kifayət qədər bahalıdır. Amma sığortanız olduqda bunların hamısını sığortaçınız qarşılayır.
YERLİ DİLDƏ BİR NEÇƏ SÖZ ÖYRƏNİN
Dünyaca populyar bloqqerlərin yazılarında, beynəlxalq turizm agentliklərinin turistlər üçün məlumat kitabçalarında hər zaman bu barədə qeydlər olur. Salamlaşma, sağollaşma, təşəkkür etmə, hesabı istəmə, hər hansı yeri soruşma kimi 10-20 kəliməni yerli dildə elə təyyarədə olarkən əzbərləmək olar. Ancaq inanın ki, bu Sizin üçün çox faydalı olacaqdır. Hətta qərbi Avropa ölkələrindən olan İspaniyada belə bir çox insan ingilis dilində danışa bilmir. Odur ki, çalışın işinizi asanlaşdırmaq üçün 10 dəqiqə vaxt ayırıb 10-20 söz öyrənin. Eyni zamanda bu Sizin yerli əhali tərəfindən daha müsbət qarşılanmanıza səbəb olacaq.
BONUS: BÜTÜN BU SADALADIQLARIMIZ BARƏDƏ BİZDƏN DƏSTƏK ALA BİLƏRSİNİZ.
Uzun müddətdir ki, Avropa, Asiya, Türkiyə və s. turların təşkili ilə məşğul olan Casablanca Travel olaraq, Sizə səyahətinizi planlaşdırmaq və gedəcəyiniz ölkədə qarşılaşa biləcəyiniz hər hansı məsələ ilə məsləhətlər verə bilərik. Sizə xoş istirahətlər arzu edirik!